Rusiya kəşfiyyatının məlumatına görə, artıq bununla bağlı 60-a yaxın terrorçu xüsusi təlim keçir. Bu bəyanat, həqiqətən ABŞ və Rusiya arasında hibrid müharibə çərçivəsində, yoxsa sadəcə təbliğat müharibəsi məntiqində dəyərləndirilməlidir?
Bütün hallarda məlumatların həqiqət olması və ya sadəcə təbliğat hiyləsi olması narahatedicidir. Çünki Rusiya kəşfiyyatının belə məlumatlarla ABŞ-a qarşı açıq-aşkar ittiham və ya şübhənin ictimailəşdirilməsini zəruri sayması bizə bir neçə ssenarini nəzərdən keçirməyə imkan verir ki, onların da ən yumşağı sadəcə olaraq informasiya-təbliğat hücumu ola bilər.
Çünki Sergey Narışkinin rəhbərlik etdiyi ofisin danışdığı mümkün birbaşa ssenari ilə yanaşı, başqa məntiqlə oxşar ssenari də ola bilər. Xüsusən də ABŞ-a qarşı hər hansı bu cür niyyət və ya artıq bir proses barədə məlumat verməklə MDB ərazisində müəyyən fəaliyyətlərin həyata keçirilməsi və məsuliyyətin ABŞ-ın üzərinə qoyulması üçün zəmin hazırlana, bununla da aktiv “əks-təbliğat” həyata keçirilə bilər. Faktdır ki, ABŞ Rusiya təsir zonasında Moskvanın təsirini zəiflətməyə çalışır ki, sonuncu da öz mövqelərini qoruyub saxlamağa çalışır. Bu epizod Ukrayna müharibəsi zonasına yönəlmiş əlamətdar üsullar arasında ABŞ-Rusiya hibrid müharibəsinin kəskinliyini artırmaq üçün aşkar tendensiyanın başqa bir göstəricisidir.
Və bu, siyasi mövqelərindən asılı olmayaraq, postsovet zonasındakı bütün ölkələr üçün çağırışdır. Ona görə də, bu ölkələr ən azı, ABŞ-Rusiya müharibəsini öz ərazilərinə gətirməməkdə ortaq məqsəd və marağa malik olmalı, bu problemin birgə həllinə çalışa bilməlidirlər. Eyni zamanda, şübhə yoxdur ki, onların bəziləri problemi “fərdi qaydada” həll etməyi, başqa bir postsovet ölkəsini müharibə teatrına çevirməyi gözləyirlər. Xüsusilə, Ermənistanın timsalında Azərbaycanı belə bir teatra çevirmək istəyinin olduğu açıq-aşkar görünür. Rəsmi Bakı bir neçə dəfə yüksək səviyyədə bəyan edib ki, Ermənistan həm Rusiyada, həm də Qərbdə bu istiqamətdə fəal işləyir, Azərbaycanı tərəflərə “qarşı düşərgə”nin üzvü kimi təqdim edir. Ermənistanın oynadığı bu oyun çox risklidir, çünki İranın da bu oyunda baş aktor kimi iştirakı çox təhlükəli tendensiyalardan xəbər verir.
Asif Cəfərov
Ordu.az